"Deputat Zahid Oruc 4-cü respublika ifadəsini işlətdi. Bu respublikanın izahatı verilsin görək ki, bu nədir? Bu, çox ziyanlı bir tendesiyadır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
"Azərbaycanın dövlətçilik tarixini götürsək, 1918-1920, 1920-1991 və 1991-ci ildə müstəqilliyi bərpa etdik, bununla 3 oldu. Dördüncü respublika nə vaxt qurulub? Onu görən olubmu harada, nə vaxt və hansı formada quruldu? Odur ki, hörmətli Zahid müəllim deputatları bu məsələ barədə məlumatlandırsın. Bu dövlətimiz üçün vacibdir ki, sonra gedib başqaları bundan tarix düzəltməsin. Tarix birdir, yazan, inkişaf etdirən, ərazini alan da bəllidir. Bizim 4-cü respublikamız hələ olmayıb. Arzu etmirəm ki, olsun. Üçüncü respublikamız davam və inkişaf edir. Ərazilərimizi bərpa edirik və Azərbaycan dünyada öz sözünü deyir", - deyə deputat bildirib.
Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik gün”ü kimi rəsmiləşdirməliyik deyə bildirib. O vurğulayıb ki, 1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin 1/3-i Azərbaycanın nəzarətində deyildi: “Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni müstəqillik günü bəxş edib. Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik gün”ü kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik”.
Anar Kəlbiyev