"Azərbaycanda dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi üçün hüquqi-iqtisadi əsaslar müəyyənləşir. Yəni, vətəndaşlar tam əmin olacaq ki, hansısa situasiyada, səfərbərlik və ya fövqəladə hallarda həyati əhəmiyyət kəsb edən strateji məhsul qıtlığı olmayacaq və onlar dayanıqlı təmin olunacaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib. O bildirib ki, kəskin qiymət artımı olsa, dövlət bu ehtiyatlar vasitəsilə onun qarşısını alacaq:
"Biz strateji mallardan söhbət açırıqsa, ən önəmli hesab edilən strateji ərzaqların adı qanunda olarsa, daha yaxşı olar. Hər bir vətəndaş bilər ki, hansı ərzaq stratejidir. Bunların ən önəmlilərinin qanunda adlarının öz əksini tapması vacibdir. Düzdür, Nazirlər Kabineti bu siyahını açıqlayacaq, amma o siyahı əsasən mütəxəssislər üçündür. Eyni zamanda, qanunda su ehtiyatlarının da ayrıca verilməsi çox yaxşı olar. Söhbət təkcə qablaşdırılmış sulardan yox, ümumən su ehtiyatlarımızdan gedir. Həmçinin qanuna həmin məhsulların qənaətlə isitfadə edilməsi üçün bir maddə əlavə edilməlidir. Bu qənaətlə istifadə prosedurlarını pozanlar hansısa formada məsuliyyət daşımalıdır. Bunların artırılması qanunu daha da mükəmməl edər”.
Anar Kəlbiyev