"Hesab edirik ki, Azərbaycanda "Peşəkar birliklər haqqında" qanun layihəsi hazırlamaq lazımdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.
O bildirib ki, Azərbaycanda yaradılması nəzərdə tutulan Qiymətləndiricilər Palatası dövlət təşkilatı deyil, qiymətləndiriclərin özlərinin yaratdığı bir təşkilatdır:
“Amma bunların bir səlahiyyəti olmalıdır. Səlahiyyət olmasa, bu Palatanı yaratmağın bir mənası qalmır. Dünyanın əksər ölkələrində peşə birliklərinin dövlətin verdiyi səlahiyyətləri var. Bu səlahiyyətlər ondan ibarətdir ki, peşə birliklərinin verdiyi qərar hər kəs üçün məcburidir. Türkiyədə peşə birliklərinin həddən çox səlahiyyətləri var. Məsələn, aşpazların, bərbərlərin, taksi sürücülərinin peşə birlikləri var. Bu birliklərin verdiyi qərarlar hər kəs üçün məcburidir. Onlar qiyməti endirəcəklərsə, endirəcəklər. Avstriyanın konstutisyasında yazılıb ki, istənilən sahibkarlıq subyekti hansısa peşə birliyinə üzv olmalıdır. Normalda Qiymətləndiricilər Palatası qeyri-hökumət təşkilatıdır. Amma QHT-lər haqqında qanunda yazılıb ki, orda üzvlük məcburi ola bilməz. Yəni, bir tərəfdən məntiq olaraq məsələni həll etməyə çalışırıq, digər tərəfdən burada hüquqi olaraq bir boşluq var”.
Komitə sədri qeyd edib ki, dünyanın hər yerində restoranların qiymətlərinin formalaşması üçün assosiasiyalar var: "Bizdə restoran qiymətləri necə formalaşır? Ölkəmizdə dünyada olduğu kimi assosiasiyalar yoxdur. Restoran qiymətlərini onlar tənzimləməlidir. Dövlət indi bütün qiymətləri tənzimləyə bilməz. Ona görə də müəyyən sahələrdə qiymətlərin tənzimlənməsi üçün palatalar yaradılmalıdır. Bu palatalara biz müəyyən səlahiyyətlər verə bilərik. Bundan sonra onlar müəyyən sahələrdə qiymətlərin tənzimlənmələrinə nəzarət edə bilərlər”.
Anar Kəlbiyev