Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” formatında birinci nazirlər görüşündə iştirakı çərçivəsində İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

XİN-dən "Unikal"a verilən xəbərə görə, görüşdə Azərbaycan və İran arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin perspektivləri, habelə bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb.

İki ölkə arasında son aylarda keçirilmiş görüşlər və İkitərəfli iqtisadi komissiya çərçivəsində təmaslar, bir sıra istiqamətlərdə artan əməkdaşlıq dinamikası məmnunluqla qeyd olunub, yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə nazir Ceyhun Bayramov 24 saatlıq anti-terror tədbirlərindən sonra Azərbaycanın öz əraziləri üzərində tam suverenliyi bərpa etdiyi, sülh gündəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandıraraq bölgədə sülh və təhlükəsizliyin bərqərar olunmasında, regiona davamlı sülhün gətirilməsində, habelə regional əməkdaşlığın təşviqində ölkəmizin qərarlılığını bir daha diqqətə çatdırıb.

xxx

18:08

İran Prezidenti İbrahim Rəisi Tehranda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilir. Toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.