Azərbaycan ərazilərinin işğalına son qoyulması və suverenliyimizin tam bərpası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün yeni perspektiv açıb.
"Unikal" xəbər verir ki, bunu oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə çıxışında deyib.
Nazir Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında normallaşmasının təkcə bu ölkələrin xeyrinə olmayacağını, həm də əməkdaşlıq və tərəqqi üçün istifadə edilməmiş potensialdan faydalanmağa imkan yaradacağını bildirib. O, Azərbaycanın Ermənistanla bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət əsasında ədalətli və bərabərhüquqlu sülh təklifini bir daha diqqətə çatdırıb və sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə Ermənistan tərəfindən qarşılıqlı addımlar və konstruktiv yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb.