"Qiymətləndirmə fəaliyyəti xeyli sahələrdə olan boşluqların müəyyən dərəcədə ortadan qaldırılmasına kömək edəcək. Həmçinin, məhkəmələrin işinin asanlaşmasına şərait yaradacq. Çünki məhkəmədə ən çox mübahisələr qiymətləndirmə ilə bağlıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, qiymətləndirmənin obyektivliyi çox vacib faktorlardan biridir: "Eyni zamanda, müəyyən maraqlar toqquşması da burada önəmli rol oynayır. Dövlətin sifarişi ilə olan qiymətləndirmələrlə ayrı-ayrı fiziki və hüquqi şəxslərin qiymətləndirməsi arasında rəqəm fərqləri çox vaxt ciddi narazılıqlara səsbəb ola bilir".
F.Mustafa peşə təhsili anlayışının da qanun layihəsinə salınmasını təklif edib. Onun sözlərinə görə, peşə məktəbini bitirib işində peşəkar olan hər hansı zərgərin ali təhsil almasına ehtiyac yoxdur. O, dəyişiklik layihəsində ali təhsil tələbininin aradan götürülməsi tələbi ilə çıxış edib:
“İnsanların savadı heç də diplomla ölçülməməlidir. Peşə diplomu da burada rol oynamalıdır. Qiymətləndirici işləmək qabiliyyətlə bağlı məsələdir. Ona görə də peşə təhsili diplomu qanuna əlavə edilməlidir. Bundan başqa, 3 il staj tələbi isə çox azdır. Qiymətləndirici olmaq üçün daha çox staj tələb olunmalıdır. Test imtahanı ilə bağlı məsələ 6-cı maddədə göstərilib. Beynəlxalq sertifikatı olanların bu testdən keçməsinə nə ehtiyac var?!”.
Spiker Sahibə Qafarova isə ali təhsili şübhə altına alınmasına etiraz edib: “Bu qanun gələcəyə hesablanıb, yəni saxta diplom və s. məsələlər aradan qaldırılır”.
Anar Kəlbiyev