"Qanunvericilik icazə verir ki, qiymətləndirici ekspert cəlb eləsin. Bu, ali təhsili olmayan zərgər və ya təmizlik mövzusunu daha yaxşı bilən texnik də ola bilər. Qiymətləndiricilər vergi ödəyicisi kimi xidmət göstərən sahə olduğundan, dəqiq sayını deyə bilmərik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
Nazir müavini bildirib ki, Qiymətləndiriclər Cəmiyyətinin saytında 60 şirkət qeydiyyatdan keçib. O qeyd edib ki, imtahanların keçirilməsi, qanunun qəbulu bu sahədəki vəziyyəti daha aydın edəcək.
Qeyd edək ki, deputat Vüqar Bayramov qanun qəbul ediləndən sonra ali təhsili olmayan qiymətləndiricilərin fəaliyyət göstərə bilməyəcəyini bildirmişdi: "Onların qanun qəbul ediləndən sonrakı taleyinə aydınlıq gətirilməlidir. Hazırda fəaliyyət göstərən qiymətləndiricilərin neçə faizinin ali təhsilli olub-olmaması barədə araşdırma varmı? Varsa, bunu bizimlə aidiyyəti qurum bölüşsə, yaxşı olar. Çünki biz bilməliyik ki, bu qanun qəbul ediləndən sonra nə qədər vətəndaşımız işsiz qalacaq, yaxud onları prosesə necə cəlb edəcəklər”.
Anar Kəlbiyev