İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.
"Unikal" xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Mentorluq proqramı çərçivəsində keçirdiyimiz görüşdə gənclərin fərdi inkişaf planının icrası istiqamətində görülmüş işlər, idarəçilik bacarıqlarının artırılması üçün effektiv metodlar, əldə edilən təcrübə və biliklərin tətbiqi barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə bildirilib ki, nazir gələcək özünüinkişaf hədəfləri barədə fikirlərini bölüşüb, qalib gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.
Müsabiqə qalibləri mentorluq proqramının müasir iqtisadi idarəçilik metodları, strateji planlaşdırma və innovativ texnologiyalarla bağlı təcrübənin əldə edilməsində, ölkəmizin inkişafı naminə bu sahədə töhfə verməkdə faydalı olduğunu vurğulayıblar.
“Yüksəliş” müsabiqəsinin qalibləri mentorluq proqramı çərçivəsində yaradılmış imkanlara görə təşəkkürlərini bildiriblər.