Kreml ilk dəfə olaraq dünən Mahaçqalada baş verən hadisələri şərh edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Peskov bunun əsasən xarici müdaxilənin, o cümlədən informasiya təsirinin nəticəsi olduğunu deyib. 

O, həmçinin əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin bu gün Qərbin Yaxın Şərqdəki hadisələrdən cəmiyyəti parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə etmək üçün görüş keçirəcək: "Putin bazar ertəsi bütün güc strukturlarının rəhbərləri, o cümlədən baş nazir Mixail Mişustin, xarici işlər naziri Sergey Lavrov və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin iştirakı ilə ictimai çıxış edəcək".

Xatırladaq ki, bazar günü axşam saatlarında Tel-Əviv-Mahaçqala reysi çatdıqdan sonra iğtişaşçılar Mahaçqala hava limanının uçuş-enmə zolağına hücum edərək İsrail vətəndaşlarını axtarıb. Hadisə nəticəsində Dağıstanın paytaxtına çatmalı olan bütün təyyarələr alternativ hava limanlarına enib.

Etirazçılar aeroport ərazisini zəbt etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər və bundan sonra qarşıdurma başlayıb.

Rusiya polisi Mahaçqala hava limanında iğtişaşların 150-dən çox fəal iştirakçısını aşkar edib, onlardan 60-ı saxlanılaraq əlavə araşdırma üçün regional polis idarələrinə təhvil verilib.

Ağarza Elçinoğlu