Rusiya vətəndaşlarının Qəzza zolağından Misirə Rəfah keçid məntəqəsindən daxil olmasına icazə verilməyib.

"Unikal" xəbər verir ki bu barədə “Moskovski Komsomolets” qəzeti Fələstin anklavında ilişib qalan ruslara istinadən məlumat yayıb. 

Qəzetin Rusiya vətəndaşı olan mənbəsi bildirib ki, Rusiya vətəndaşlarına hələ də “yaşıl dəhliz” verilməyib.

“BMT əməkdaşlarının, İordaniya, Moldova, Avstriya və Afrika ölkələrinin vətəndaşlarının keçdiyi barədə məlumat var. Səhər evakuasiya olunanların siyahılarını göndərdilər. Amerika, Avstriya, Moldova vətəndaşları buraxıldı... Amma hələ də ruslara icazə yoxdur. Konsul heç nə edə bilmir. Bu sadəcə bir kabusdur. Vəziyyət fəlakətlidir. Bizə deyirlər: işləyirik, gözləyin. Bəs həqiqətənmi onlar öz vətəndaşlarını çıxarmaq üçün razılığa gələ bilmirlər?”, - deyə qadın bildirib.

O, əlavə edib ki, artıq xeyli sayda Rusiya vətəndaşı Rəfah keçid məntəqəsinə toplaşıb, lakin Misirə daxil olmaqdan imtina edilməsinə baxmayaraq, heç kim Qəzzaya qayıtmayacaq. Qadının sözlərinə görə, polisin olmadığı bir vaxtda anklavda quldurluqlar başlayıb. Su, işıq yoxdur, xəstəlik yayılır. 

Bundan əvvəl Qəzza zolağından təxliyyə gözləyən Rusiya vətəndaşlarının sayı 500-ü ötüb, ümumilikdə təxliyə üçün elan edilənlərin siyahısında 900-dən çox adam var.

Gülayə Mecid