"Bizim tarif dərəcələrimizdə artımlar baş vermir, əksinə, ölkədə aparılan iqtisadi siyasət, yanaşma ondan ibarətdir ki, tarif dərəclərinin azaldılması tendesiyası baş verir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov deyib.
Komitə sədri bildirib ki, bu, istehsal sahələrində əlavə dəyərin yaradılması və xidmət sahələrinə dəstək göstərmək üçün həyata keçirilir:
"Bu konteksdə gömrük orqanları növbəti il üçün 5 milyard 900 milyon manatlıq büdcə daxilolmalarını təmin edəcək. Bu hesablamalar idxal həcmlərindən asılı olaraq baş verir. Eyni zamanda, gömrük dəyərinin müəyyən edilməsi məsələlərində də üzərimizə mühüm işlər düşür. Bu baxımdan idxal həcmlərini nəzərə almaqla büdcə daxilolmalarının təmin edilməsindən ötrü gömrük dəyərləndirilməsinin düzgün həyata keçirilməsi baş verməlidir. Hazırda Azəbaycanda gömrük xidmətində gömrük dəyərləndirməsi Ümumdünya Ticarət Təşkilatının normalarına uyğun olaraq metodika əsasında müəyyən edilib. Bu sistem əsasında düzgün idarəetmə və ölkəmizə daxil olan yüklərin düzgün dəyərinin müəyyən edilməsi nəticəsində daxilolmaların təmin olunması üçün zəruri işləri görəcəyik. Növbəti ildə fəaliyyətimiz nəticəsində büdcə daxilolmaları təmin ediləcək”.
Anar Kəlbiyev