"Faiz dərcəsinin yumşalmasının səbəbi odur ki, Mərkəzi Bankın proqnozlarına gəldikdə, inflyasiya növbəti orta müddətdə hədəf diapazonunda olacaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, valyuta bazarında təklifin tələbi kəskin üstələməsi şəraitində yumşalma siyasətini aparırlar: "Planımıza görə, bu ilin sonuna kimi bazamız 20 faizədək artacaq. Bu da gələcəkdə makroiqtisadi nəzərdən risklər yaradır. Ona görə də uçot dərəcəsinin parametrlərini aşağı salırıq ki, gələcək təsirləri məhdudlaşdıraq".
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib.
Anar Kəlbiyev