"Dövlət büdcəsində vacib məqamlardan biri odur ki, bizim vergi daxilolmalarımız azalıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Daha sonra nazir deputatların suallarını cavablandırıb: “Deputatlar qeyd etdi ki, qısa müddət ərzində bizim xərclərimiz kəskin artıb. Biz maliyyə imkanlarımıza real olaraq baxmalıyıq. Cari ildə dövlət büdcəsinə yenidən baxılmadan sonra büdcəyə edilən dəyişikliklər nəzərə alınmaqla növbəti ilin dövlət büdcəsində vergi daxilolmalarında azalma var. Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq azalıb. Yəni, iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat etməlidir. Bunun müəyyən səbəbləri var. Biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artmışdı. Yanvar-fevral aylarında hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Artıq cari ilin iyul ayında biz bu gəlirləri dövlət büdcəsində əks etdirdik və həmin əlavə gəlirlərimiz işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına və hərbi xərclərimizin yönəltdi".
S.Şərifov qeyd edib ki, gəlirlərin azalmasına təsir edən ikinci faktor neft hasilatının azalmasıdır: "Biz bunları tam reallıqla dərk etməliyik. Bizim əsas neft yatağımız olan Azəri-Çıraq-Günəşlinin neçə illər ərzində istismarı nəticəsində onun ehtiyatları tədricən tükənir. Nəticədə hasilatımız azalır. Dünya enerji bazarlarında olduqca müsbət münbit qiymət konyekturası mövcuddur. Hətta bu da nəzərə alınmaqla dövlət büdcəsinin proqnozu 60 ABŞ dollarına qaldırılıb. Yəni, bunları da nəzərə almaqla bizim gəlirlərimiz o qədər də yüksək deyil. Təkcə bir rəqəmi deyim. Neft qiymətinin 10 ABŞ dolları artımı dövlət büdcəsinin gəlirlərini təxminən 420 milyon manat artırıb. Dövlət Neft Fondunun gəlirlərini daha da çoxaldıb. Bu gün bizdə neftin qiyməti 60 ABŞ dollardır, beynəlxalq təşkilatların proqnozlarında təxminən 80 ABŞ dollarıdır. Söhbət təxminən 850 milyon manatdan gedir. Biz növbəti ilin vergi daxilolmalarını qiymətləndirsək, 2 milyard 27 milyon bizim neft sektoru üzrə kəsirimiz əmələ gəlir. Dövlət Neft Şirkətinin vergi daxilolmaları gələn il cari illə müqayisədə daha çox olacaq. Yəni, 240 milyon manat. Ən əsası qeyri-neft sektoru üzrə bizim daxilolmalarımız əhəmiyyətli dərəcədə artır. Bu sektordan daxilolmalar 1 milyard manatdan yuxarıdır. Bunları da nəzərə almaqla bizim fərqimiz təxminən 850 milyon manat təşkil edir.
Amma bizim qarşımızda proqramlar var və böyük vəzifələr qoyulub. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var. Bu işlərin görülməsi üçün bizim xərclərimiz təxminən cari ilin səviyyəsində saxlanılıb. Burada cüzi, yəni, 170 milyon manat artımdan söhbət gedir. Bunu təmin etmək üçün biz Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti gələn il cari illə müqayisədə 1 milyard manat artırmaq məcburiyyətindəyik. Müsbət qiymət konyekturası bizə imkan verir ki, büdcə qaydalarını pozmayaq və Dövlət Neft Fondunun vəsaitlərinin qalığını da saxlayaq".
Anar Kəlbiyev