"Bu gün Dövlət Sosial Müdafiə Fondunun büdcəsində dövlət büdcəsindən ödənilən vəsaitin həcmi cəmi 20 faiz təşkil edəcək. 80 faiz sosial sığorta haqları hesabına yığılan vəsaitdir. Bu da DSMF-nin müstəqilliyi, maliyyə dayanıqlığı və gələcək inkişafı baxımından çox önəmlidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"Xüsui olaraq vurğulayıram ki, bu transfert heç də dövlət büdcəsinin əlavə deyil. Aparılmış saxta və əsassız ödənişlərin qarşısının alınması ilə bağlı görülmüş işlər bizə imkan verir ki, dövlət büdcəsindən vəsaitin 100 faizini transfert kimi köçürməyək. Yalnız yarısını köçürək", - deyə nazir bildirib.
"İlin sonuna orta aylıq əmək haqqının məbləğinə nə qədər artım olmasını biləcəyik. Orta aylıq əməkhaqqının məbləği nə qədər artacaqsa, növbəti illərdə əmək pensiyalarının indeksiyası işlərinə keçiləcək. Yaradılmış sığorta ehtiyatının investisiyaya yönəldilməsi məsələsi Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlara uyğun olaraq avqust ayından başlayıb. Noyabr ayının 1-dək 600 milyon manat, son bir həftə ərzində də təxminən əlavə 200 milyon manat yerləşdirilib. Maliyyə qurumları ilə aktiv əməkdaşlıq edirik. Vəsaitlər əsasən ölkənin kapital bazarlarında yerləşdirilir. Bu da eyni zamanda kapital bazarlarının inkişaf üçün dəstək tədbiri deməkdir”, - deyə S.Babayev qeyd edib.
Anar Kəlbiyev