"Çıxış edən millət vəkillərinin əksəriyyəti büdcə proqnozları ilə məsələyə münasibət bildirərkən onların real olduğunu qeyd edirlər və öz təkliflərini verirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavini bildirib ki, çıxış edənlərin əksəriyyəti xərclərin artırılmasından danışırlar: "Bu doğurdan da təbiidir. Belə də olmalıdır. Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir və onun maddi rifahının yüksəldilməsi üçün hər bir kəs çalışmalıdır ki, öz sahəsində əlindən gələni eləsin".
S.Ələkbərov qeyd edib ki, keçən il büdcə ilə bağlı göstəricilərimiz çox yaxşı olub: "Ötən il həm icmal büdcə, həm dövlət büdcəsi, həm İşsizlikdən Sığora Fondunun, həm də DSMF-nin büdcələri çox yaxşı səviyyədə icra olunub. Bunun üçün real imkanlar mövcud idi. Neft və qaz qiymətləri yaxşı səviyyədə idi. Ölkə başçısının apardığı islahatlar da buna imkan verirdi. Təəssüf ki, bu il və yəqin ki, gələn il də neft və qazın qiymətində müsbət dəyişikliyin olacağı gözlənilən deyil. Digər tərəfdən Azərbaycanda neft istehsalı təbii proses olaraq azalmaqdadır. Buna baxmayaraq, vaxtında görülən tədbirlər nəticəsində biz gələn il və sonrakı üç ilin büdcə layihələrinə nikbin baxırıq. Bunun üçün ötən illərdə yaxşı baza yaradılıb”.
Anar Kəlbiyev