Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, layihədə müzakirə edilən məsələlərdən biri Azərbaycanda vətəndaşların 200 manata qədər aylıq faiz depozit gəlirlərinin vergidən azad olunması ilə bağlı idi.
"Layihəyə əsasən, vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Qeyd etdim ki, əmanət faizləri ilə bağlı təklif olunan güzəştin məbləği azdır, onun artırılması məqsədəuyğudur. Təklif etdim ki, 200 manata qədər deyil, minimum əməkhaqqı məbləğində aylıq faiz gəlirləri vergidən azad edilsin. Bu, bankda depozit saxlanılmasını təşviq edər. Digər tərəfdən, oktyabrın 1-nə Azərbaycan banklarında 12,7 milyard manat əmanət olub ki, onun da təxminən yarısı 4 bankın payına düşüb. Həmin banklarda da illik faizlər orta hesabla 6% və daha aşağıdır. Buna görə də, güzəşt məbləğinin artırılmasına ehtiyac var. Banklar ilə bağlı ikinci qeyd etdiyim məqam sahibkarların bank hesablarında vergi sərəncamların qoyulması ilə bağlı idi. Belə ki, sahibkarın vergi borcu olan zaman onun bütün hesablarına sərəncam qoyulur və nəticədə bu sahibkarın fəaliyyətinə neqativ təsir göstərir. Məsələn, sahibkarın 3 bankda hesabı varsa və 40 min manat borcu varsa, o zaman onun hər 3 bankda olan hesabına sərənacam göndərilir. Halbuki, bir hesabında 40 min manatdan daha çox vəsaitin olduğu halda sadəcə bir hesaba sərəncam qoyulması yetərli olur. Buna görə də, təklif etdim ki, belə hallarda digər hesablara sərəncamlar göndərilməsin və sahibkar o vəsaitlərindən istifadə edə bilsin".
Deputat qeyd edib ki, digər təklif etdiyi məqam minimum əmək haqqının gəlir vergisindən azad olunması ilə bağlıdır: "Hazırda fiziki şəxslərin əmək haqqılarının 200 manat olan hissəsi vergidən azaddır və bu baxımdan daha yaxşı olar ki, minimum əmək haqqı məbləğində hissə vergidən azad olunsun. Bu gün dünyanın əksər ölkələrində minimum əmək haqqı vergiyə cəlb olunmur. Minimum əmək haqqı alan vətəndaşlarımızın az təminatlı insanlarımız olduğunu nəzərə alaraq onların gəlirlərinin vergiyə cəlb olunmamasını təklif etdim. Əmək haqqı ilə bağlı digər məqam fiziki şəxslərin gəlir verigisində diferensial 2500 manatın artırılması ilə bağlıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə gəlir vergisi vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faiz vergiyə cəlb olunur. 2500 manatlıq hədd 2013-cü ildən etibarən tətbiq edilir. Ötən 10 illik inflyasiya səviyyəsini nəzərə aldıqda real olaraq bu məbləğ iki dəfəyə yaxın artırılmalıdır. O baxımdan, təklif edirəm ki, 2500 manat ən azı 4000 manatadək artırılsın. Bununla da, 2500 manatdan 4000 manatadək olan gəlir 25 deyil, 14 faizlə vergiyə cəlb olunsun. İclasda müzakirə edilən məsələlərdən biri də məşğulluq yaradan mikro sahibkarlıq subyektlərinə (il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və həmin işçilərə görə məcburi dövlət sosial sığorta haqlarını ödəyən) 75 faiz güzəştin hədəfli tətbiqi, habelə əmtəəsiz əməliyyatlar aparan şəxslərə bu güzəştin tətbiq edilməməsi ilə bağlı idi. Təklif edildi ki, bu məsələdə mərhələli yanaşma olsun və indiki mərhələdə 30 min manat gəlir edən mikro sahibkarlara da 75 faizlik güzəşt tətbiq olunsun. Məqsəd dövriyyəsi böyük olmayan və məsləhət, təlim və digər xidmət göstərən vətəndaşlarımızın həmin limit çərçivəsində bu güzəştdən istifadə etməsi imkanın yaradılmasıdır".