Bu yaxınlarda Avropaya “icazəsiz səfərlərə” görə impiçmentdən xilas olmuş Gürcüstan prezidenti Salome Zurabişvili Beynəlxalq Forumda iştirak etmək üçün Fransaya gedib. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Zurabişvili bu dəfə də ölkə Konstitusiyasının tələb etdiyi kimi, Baş nazirdən Fransaya səfərlə bağlı icazə almayıb. 

O, Baş nazir İrakli Qaribaşvili ilə birlikdə Paris forumunda iştirak edəcək. Qaribaşvili Fransaya fərqli təyyarədə uçub. 

Zurabişvili hökumətə onu “şəxsi səfərlər” zamanı dövlət vəsaitlərini qanunsuz israf etməkdə ittiham etməyə əsas verməmək üçün Avropaya öz hesabına gedib.

Xatırladaq ki, oktyabrın 16-da Gürcüstan Konstitusiya Məhkəməsi 2023-cü ilin avqust-sentyabr aylarında Almaniya və Fransaya “icazəsiz səfərlər” zamanı prezidentin ölkənin Əsas Qanununu pozduğunu müəyyən etdikdən sonra ölkənin hakim “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze belə səfərlərin yolverilməzliyi haqqında məhkəmə qərarlarına əməl edilmədikdə mümkün cinayət məsuliyyəti ilə bağlı Zurabişviliyə xəbərdarlıq edib.