"Suverenliyimizin Azərbaycanın bütün ərazisində təmin olunması ilində həm də büdcəmizin qəbul edilməsi tarixi hadisədir. Etiraf etməliyik ki, istər İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatması, istər sərhəd-keçid məntəqəsinin qurulması, istərsə də anti-terror tədbirlərinin həyata keçirilməsi iqtisadi və maliyyə təminatı tələb edirdi. İndiyə qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulmuş iqtisadiyyat, əldə etdiyimiz uğurlar bunu təmin etdi".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı Mahir Abbaszadə deyib. Deputat bildirib ki, dünyada baş verən hərbi-siyasi hadisələr inflyasiyanın sürətlə artmasına, nəqliyyat dəhlizlərinin dağılmasına və zəncirlərin qırılmasına baxmayarq, Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir:
"2024-cü ilin dövlət büdcəsinin yüksək səviyyədə hazırlanması göstərir ki, biz gələn il də ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsini təmin edə biləcəyik. 2024-cü ildə ÜDM-də təxminən 5 faiz artıma baxmyaraq, inflyasiyanın 5,3 faiz proqnozlaşdırılması göstərir ki, Azərbaycan hökuməti 2024-cü ildə də əhalinin real gəlirlərinin qorunması ilə bağlı ciddi addımlar atacaq. Sosial təminatın yaxşılaşdırılması, sosial islahatların həyata keçirilməsinin sadiqliyi dövlət büdcəsində özünü göstərir. Ölkəmizdə aparılan sosial siyasət 2024-cü ildə də qorunacaq. Belə ki, dövlət büdcəsində sosial islahatların həyata keçirilməsi ilə bağlı 47 faiz xərclərin nəzərdə tutulması göstərir ki, növbəti ildə hər xərcləyəcəyimiz 100 manatın 47 manatı sosial islahatların həyata keçirilməsi üçün nəzərdə tutulub. "Böyük Qayıdış" proqramının həyata keçirilməsi dövlət büdcəsinin əsas xərc maddələrindən biridir. İndiyə qədər dövlət "Böyük Qayıdış" proqramının həyata keçirilməsi ilə bağlı 11 milyard manata qədər vəsait xərcləyib. Növbəti il üçün bu istiqamətdə 4 milyard manatın nəzərdə tutulması uzun illər bu ərazilərdən məcburi köçkün düşmüş, ağır sosial-psixoloji vəziyyətdə yaşamış keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdaraq daimi yaşaması ilə bağlı ümidlərini artırmaqda davam edir. Dövlət büdcəsinin tərtibatı zamanı ötən illərdə Hesablama Palatasının verdiyi rəylərin nəzərə alınması bir daha göstərir ki, qanunverici orqanla icraedici orqan arasındakı düz münasibət sonunda büdcənin yüksək səviyyədə tərtib edilməsinə gətirib çıxarır".
Deputat bildirib ki, builki dövlət büdcəsində dövlət payı olan ASC və publik hüquqi şəxslərdən yalnız ikisinin mənfəətlərinin, dividendlərinin dövlət payı olan hissəsi büdcəyə köçürülüb:
"Təklif edərdim ki, növbəti illərdə də dövlətin payı olan təşkilatlarda olan dividendlərin köçürülməsi sisteminə yenidən baxılsın və bu vəsaitlərin dövlət büdcəsinə köçürülməsi təmin edilsin. Biz döyüş meydanında düşməni kapitulyasiya aktını imzalamağa məcbur etmişik, torpaqlarımızı tamamilə işğaldan azad etmişik. Amma bizim siyasi, diplomatik mübarizəmiz hələ də davam etməkdədir. Görünür hələ də bizim qələbəmizi həzm edə bilməyən dövlətlər və bəzi beynəlxalq təşkilatlar var. Ona görə də bu təşkilatların qarşısında mübarizə aparmaq, orada yaşayan diaspora təşkilatlarının inkişaf etdirilməsini vacib sayırıq. İndiyə qədər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə gördüyü işlər məqbul sayılır. Hesab edirəm ki, dövlət büdcəsindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti üçün nəzərdə tutulmuş vəsaitlərin artırılması mübarizəmizin maliyyə təminatının gücləndirilməsinə müsbət töhfəsini verəcək".
Anar Kəlbiyev