AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları Ağdam rayonunun Mirəşelli kəndində əkin sahəsində aşkar edilən qəbirlərə baxış keçiriblər. Ötən gün kənd sakini Ceyhun Kərimovun əkin sahəsini traktorla şumladan zaman aşkarlanan qəbirlərin biri daş-qutu, digəri torpaq qəbirdir.
"Unikal"ın məlumatına görə, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov bildirib ki, aparılan ilkin araşdırmaya görə daş-qutu qəbir Qafqaz Albaniyası mədəniyyətinə məxsusdur və V əsrə aid olduğu güman edilir: “Belə ki, həmin dövrdə dini baxışlar dəyişməyə başlamış və daş-qutu qəbirlər spesifik olmuşdur. Əraziyə baxış zamanı daş-qutu qəbirin yaxınlığında bir ədəd torpaq qəbir də aşkar edildi. İlkin ehtimala görə, bu qəbir də Qafqaz Albaniyası dövrünə aiddir. Mirəşelli kəndindən şimala doğru olan əkin sahəsində Qafqaz Albaniyasına aid nekropol olması ehtimal edilir. Hazırda hər iki qəbrin tədqiqatı davam edir. Qəbirlərdən götürülən nümunələrin müvafiq laborator analizlərinin aparılması nəzərdə tutulur. Gələcəkdə bu ərazidə arxeoloji tədqiqatlar aparılması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırıla bilər”.
Arxeoloq Zəki Cəfərov isə deyib ki, daş-qutu qəbir daxildən uzunluğu 190, eni 50 santımetr, skeletin boy ölçüsü isə 160-165 santımetrdir. Bu qəbirin hər tərəfi – altı, yanları, üzəri lay daşla örtülüb. “Qəbirin ətrafında qazıntı işləri aparılan zaman 2,5 metr şimala tərəf torpaq qəbir aşkar olunub. Qəbirin üzəri bir ədəd böyük ağac parçası ilə bağlanıb. İkinci skelet 180-190 santımetrdir. Hər iki qəbir Qafqaz Albaniyası dövrünə aid edilir. Qəbirlərdə heç bir əşya aşkar olunmayıb”, - deyə o əlavə edib.