ABŞ Dövlət Departamenti hesab edir ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlıları dəyişdirilməlidir.
"Unikal" xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen çıxış edib.
"Hazırda Rusiya qoşunları oradadır, 2020-ci il atəşkəs bəyanatına əsasən, bu, onların ilk müddətidir. Əgər bu ölkələr (Ermənistan və Azərbaycan) üçün alternativ olarsa, artıq Rusiya sülhməramlılarının iştirakına ehtiyac qalmayacaq. Onlar sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirə bilmədilər”, - diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı dinləmələrdə çıxış edərkən bildirib.
O əlavə edib ki, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır. “Ən yaxşı yanaşma hər iki ölkəyə alternativ verməkdir – bizimlə və Qərblə işləmək”, - ABŞ dövlət katibinin köməkçisi bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, ABŞ-ın “şifahi müdaxilələri” ilə müqayisədə Rusiya və Rusiya sülhməramlıları həqiqətən də Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak edirlər. Sentyabrın 19-da Qarabağda vəziyyətin növbəti gərginləşməsindən bəri Rusiya münaqişə tərəflərini qan tökülməsini dayandırmağa və diplomatik həll yoluna qayıtmağa çağırıb. Məhz Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 20-də verdiyi məlumata görə, Bakının sentyabrın 19-da Qarabağda başlatdığı antiterror tədbirlərinin dayandırılması ilə bağlı razılıqlar əldə edilib.