"Repetitorluq Azərbaycan təhsilinin qara yarasıdır. Bu da təhsilimizin ən böyük problemlərindəndir. Bu məsələni qaldıranda deyirlər ki, dünyanın hər yerində repetitorluq var. Hər yerdə repetitorluq bu dərəcədə deyil".

Bunu "Unikal"a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, repetitorluq təhsilimizə böyük problem yaradır və gözdən salır:

"Dövlət orta məktəblər üçün milyardlarla pul xərcləyir. Məktəbin maliyyələşməsi pulsuz deyil, dövlət maliyyəni ödəyir, hər şagirdə pul xərcləyir. Bununla yanaşı vətəndaşlarımız bir neçə milyard pul xərcləyirlər ki, övladları repetitor yanına getsin, orada əlavə bilik alsın. Bu gün məktəblərin bir hissəsi buna şərait yaradır. Repetitorluq çox vəsait aparan məsələdir və demək olar ki, uşaqların hamısı repetitor yanındadır. Ona görə ki, məktəbə inam yoxdur. Elə bil təhsilə paralel təhsil yaratmışıq. 

Dövlət təhsili və ona paralel yaratdığımız repetitorluq var. Valideynlər nə qədər vəsait xərcləyirlər.  Dövlətin xərclədiyi pul boşuna gedir, əlavə olaraq övladları ali məktəbə hazırlaşan valideynlər əziyyət çəkirlər. Təəssüf ki, bunun həlli ilə bağlı heç bir addım atılmır. Bu məsələni həll etməli və təhsili məktəbə qaytarmalıyıq. Azərbaycan təhsili evlərdədir, repetitorlardadır. Bunu dəyişib öz istiqamətinə gətirib çıxarmalıyıq".

Anar Kəlbiyev