Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2024-cü il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.
Komissiyadan "Unikal"a verilən məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”ndə göstərilən qaydalara uyğun hazırlanmalı və 2024-cü il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.
Dövlət Mükafatı Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir.
Əsərlər dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Dövlət Mükafatına təqdim olunur.
Fundamental və tətbiqi elmlərə aid əsərlər müvafiq elmi şuraların, bədii əsərlər isə yaradıcı ittifaqların qərarları əsasında Dövlət Mükafatına təqdim edilir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən digər mükafatlara, eləcə də başqa ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər Dövlət Mükafatına təqdim edilə bilməz.
Dövlət Mükafatı bir şəxsə bir dəfədən artıq verilə bilməz. Bir müəllifə eyni zamanda bir neçə əsərə görə Dövlət Mükafatı verilmir. Bir qurum tərəfindən Dövlət Mükafatına yalnız bir əsər təqdim edilə bilər.
Dövlət Mükafatları Komissiyasının ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti.
Əlaqə telefonu: 492-22-65. E-mail: [email protected]