Xəbər verdiyimiz kimi cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti “Onu oxut” aksiyasına start vermişdi. “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən ianə aksiyasının məqsədi 600 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır.
"Unikal" xəbər verir ki, aksiya çərçivəsində 30 dan çox tələbə təqaüd üçün müraciət etdi və onlardan 25 nəfəri təqaüd proqramının qalibi olub.
Ötən gün isə fondun rəsmi nümayəndələrinin, tələbələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbiri çıxış sözü ilə açan Fondun prezidenti Sevda Haqverdiyeva donorlara təşəkkür edib. “Ötən ilə nisbətən bu il daha çox tələbəyə təqaüd vermək bizim üçün qürurvericidir. Əlbəttə ki, biz bunu xeyirxah insanları ianələri hesabına edirik. Ona görə də bizə dəstək olan hər kəsə xüsusən də 10 nəfər tələbənin təqaüdünü qarşılayan Kapital Bank-a təşəkkür edirəm”.
"Kapital Bank"ın Marketinq Ekspert Mərkəzinin lideri Günel Mavliyarova isə bildirib ki, ""Kapital Bank" olaraq təhsilin cəmiyyət üçün nə qədər həssas və vacib mövzu olduğunun fərqindəyik və buna görə də təhsilə dəstək bizim üçün xüsusi istiqamətdir. İnanırıq ki, gənclərimiz bu dəstəyi dəyərləndirərək, şəxsi inkişaflarına daha çox önəm verəcək, gələcəkdə peşəkar mütəxəssis kimi cəmiyyətimiz, ölkəmiz üçün faydalı işlər görəcəklər”.
Xatırladaq ki, “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində fond tərəfindən ölkənin müxtəlif ali məktəblərində təhsil alan 25 aztəminatlı tələbəyə hər ay 150 AZN dəyərində təqaüd veriləcək.
“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.