"Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilir. Sentyabrdan sonra neftin qiymətində 16.0 faiz azalama qeydə alınıb".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, neftin dünya bazarı qiyməti Azərbaycanın dövlət gəlirləri baxımından vacibdir:
"Hazırda Azərbaycan ixracatının 80 faizə yaxınını neft məhsulları təşkil edir. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir. Noyabrın 26-da OPEK + alyansının iclasının keçiriləcəyi gözlənilir. Tədbirdə hasilata yenidən baxılması və artırılması mümkünlüyü ilə bağlı yayılan xəbərlər enerji bazarına təsir göstərməkdədir. Bu isə investorların qərarlarına və neftin qiymətinə təsirsiz ötüşmür".
Deputat qeyd edib ki, hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir: "Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir. Bununla yanaşı, neft qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir. Brent markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da növbəti dövrdə “qara qızılın” dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər. Amma Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".