Noyabrın 29-u və 30-da Ermənistan-Azərbaycan sərhədində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiya formatında görüş planlaşdırılır. Məlumata görə, müvafiq razılaşmalar hər iki tərəfdən təsdiqlənib.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, delimitasiya prosesinin aparılmasına dair iclasın keçirilməsi sülh sazişinin imzalanması üçün vacib addım kimi qiymətləndirilə bilər:
“Delimitasiya proseslərinə aydınlıq gətirmədən sülh müqaviləsinin imzalanması çox çətin olar. Mən güman edirəm ki, komissiya delimitasiya proseslərinə dair iclasların keçirilməsinə başlayıbsa, deməli, müəyyən irəliləyişlər ola bilər.
Yaxud da, ən azından delimitasiya proseslərinin hansı sənədlər əsasında aparılacağını razılaşdırmaq olar. Bir sözlə, bu prosesi uğurlu bir addım kimi qiymətləndirmək lazımdır".
Politoloq delimitasiya prosesində hansı xəritələrdən istifadə oluna biləcəyindən də danışıb:
"Əsas məsələlərdən biri xəritələrin müəyyənləşdirilməsidir. Məncə burada topoqrafik, hərbi xəritələr mühüm rol oynayacaq. Ermənistanın bununla bağlı bir təklifi var. Onlar 1975-ci il xəritələri əsasında delimitasiya prosesini aparmağı təklif edirlər. Azərbaycan isə 1918-ci ildən bu günə qədər olan xəritələrin ortaya çıxarılmasını istəyir.
Burada müəyyən fikir ayrılıqları var. Hər halda, zənnimcə, razılaşma mümkün ola bilər", - deyə o qeyd edib.
Xatırladaq ki, sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.
Murad İbrahimli