Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 5-ci iclasında iştirak etmək məqsədilə Bişkekdə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Komitədən "Unikal"a bildiriblər ki, F.Muradovun Qazaxıstanın NAO Otandastar Fondunun prezidenti Abzal Saparbekuli ilə görüşündə dövlətlərimiz arasında strateji əməkdaşlıq səviyyəsinin yüksək olduğu, beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstək göstərdiyi, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndiyi vurğulanıb. Qazaxıstan Prezidentinin Azərbaycanı parlaq Zəfəri münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olduğu, Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfəri xatırlanıb. Komitə ilə Fond arasında imzalanmış qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsi, Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilmiş Bakı-Şuşa, “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk dünyası” adlı beynəlxalq forumlar yüksək qiymətləndirilib. Komitə sədri qazax həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.
Növbəti ikitərəfli görüş Macarıstanın xaricdə yaşayan macar icmalarI məsələləri üzrə dövlət katibi Arpad Yanoş Potapi ilə olub. Ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı tərəfdaşlıq və dostluq əlaqələri, ölkələrimizin beynəlxalq platformalarda bir-birini qarşılıqlı dəstəkləməsi məmnunluqla vurğulanıb. Azərbaycan icmasının macar ictimaiyyətinə sıx inteqrasiyasına, Budapeştdə Azərbaycan Evinin uğurla fəaliyyət göstərdiyinə diqqət cəlb edilib.
Daha sonra ikitərəfli görüş Qırğız Respublikasının əmək, sosial təminat və miqrasiya naziri Gülnarə Batırova ilə baş tutub. Mötəbər tədbirə ev sahibliyi etdiyi üçün qırğız dövlətinə minnətdarlıq bildirilib. Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələri, Azərbaycanda hər zaman Qırğızıstan dövləti və qırğız xalqının maraqlarının yüksək tutulduğu, münasibətlərimizin yüksələn xətlə daha da inkişaf etdiyi, dövlət başçılarımızın qarşılıqlı səfərlərinin bu münasibətlərin daha da möhkəmləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb. Azərbaycan icmasının qırğız ictimaiyyətinə sıx inteqrasiya etməsi və soydaşlarımıza yaradılmış şərait yüksək qiymətləndirilib.
İkitərəfli görüşlər qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.