Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sumqayıt şəhərində vətəndaşlarla görüşüb.

"Unikal" Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, qəbuldan əvvəl AAYDA İdarə Heyətinin sədri S. Məmmədov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənd daxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara müraciət etmələri tövsiyə olunub.