Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur. 

"Unikal"  xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində 2023-cü il 23-24 noyabr tarixlərində Qazax Rayon İcra Hakimiyyətinin, Ərzincan Binəli Yıldırım Universitetinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Ədəbiyyat Muzeyində keçirilən Beynəlxalq Elmi Konfransa Türkiyədən, Qazaxstandan, Sibiriyadan (Tuva Türkü), Özbəkistandan, Koreyadan elm adamları qatılıb. 

Noyabrın 23-də start götürən Beynəlxalq Elmi Konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının Fəxri üzvü Hulusi Kılıc, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı, Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa, Adıyaman Üniversitesi Fen Edebiyyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü, Prof.Dr. Şehrabanı Allahverdiyeva, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova, Naxçıvan Dövlət Universitetindən Fil.ü.f.d.dos. Bağır Babayev, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın professor-müəllim heyəti, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar. 

Konfrans iştirakçıları şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini və şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. 

Daha sonra konfrans iştirakçıları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi, Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatı özündə əks etdirən Fəxri Qazaxlılar parkı ilə tanış olublar.  

Konfrans iştirakçıları Ədəbiyyat Muzeyinin foyesində Ulu Öndərin Qazaxa səfərlərini özündə əks etdirən fotoşəkillərə baxış keçirib, Ümummilli Liderə həsr olunmuş kitab sərgisi ilə tanış olublar. Ulu Öndər Heydər Əliyevin Qazax rayonuna səfərlərini özündə əks etdirən “Dahi Şəxsiyyətin Qazax salnaməsi” adlı sənədli filmi nümayiş etdirilib.

Sonda qonaqlara konfransda iştiraklarına görə plaket və Sertifikat təqdim olunub. Ərzincan Binəli Yıldırım Universiteti tərəfindən konfrans iştirakçılarına hədiyyələr verilib. Konfransda Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndərin 100 illiyinə həsr olunmuş esse müsabiqəsinin qaliblərinə də Sertifikat təqdim edilib. 

Konfransdan sonra Qazaxda səfərdə olan qonaqlar “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Qoruğun direktoru Səadət Əliyeva mağara haqqında, burada aparılan qazıntı işləri, tədqiqat nümunələri barədə ətraflı məlumat verib.