Gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır. Cari ildə isə dövlət büdcəsində bu məqsədlə 46 730 295,0 manat nəzərdə tutulub.
Məlum olduğu kimi, 2024-cü ildə ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Növbəti ildə həmçinin, Milli Məclisə seçkilərin keçirilməsinin gözlənildiyi bildirilir. Bəs görəsən, növbəti parlament seçkilərində deputatların sayı artırıla bilərmi?
Milli Məclisin üzvü Fazil Mustafa "Unikal"a açıqlamasında bildirib ki, gələn il parlament seçkilərinin keçirilib-keçirilməyəcəyi barədə bir şey deyə bilməz. O, növbəti seçkilərə az müddət qaldığını qeyd edib:
"Bu müddətdə əgər referendum olsa idi, belə bir gözlənti olardı. Bununla bağlı müəyyən şəkildə rəsmi açıqlama da ortaya qoyuldu. Referendum keçirilməsi nəzərdə tutulmadısa, o zaman konkret olaraq deputatların sayında və hansısa səlahiyyətdə dəyişiklik olacağını düşünmürəm. Ona görə ki, bu daha çox konstitusion dəyişikliklərdən asılı məsələdir. Bu olmadığı üçün belə bir gözlənti yoxdur", - deyə deputat vurğulayıb.
Anar Kəlbiyev