2023-cü ildə İçərişəhərin mənzərəli məkanlarından olan Dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsi olan Şirvanşahlar Sarayı Kompleksinin “Sultan Murad darvazası” qarşısındakı ərazi bərpa edilib. 

"Unikal" xəbər verir ki, lakin bərpa işlərindən sonra ərazinin yeni görünüşü sosial şəbəkələrdə narazılığa səbəb olub. Belə ki, izləyicilər ərazinin tarixiliyinə xələl gətirildiyini, daşları aqlayla yeniləmək əvəzinə, köhnə materialların restavrasiya edilməli olduğunu bildiriblər.  "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələ ilə bağlı açıqlama yayıb. 

"Burada yol örtüyü və pillə daşları fiziki və bioloji dağıdıcı təsirə uğramışdı. 

Pilləkənin bir hissəsi piyadalar üçün, digər hissəsinə isə Xəzər dənizi panoramını seyr etmək üçün daş oturacaqlar quraşdırılıb. Bərpa zamanı lazımi tədbirlər görülmüş, pillə hissəsi hamar yonulmuş daşlarla örtülmüş, səkilər yenilənmiş, işıqlandırma təmin edilmişdir.

"Murad darvazası" və ya “Şərq portalı” adlanan abidə Şirvanşahlar Sarayı Kompleksinin ən son abidəsidir (XVI əsr).

Qeyd olunan pilləkən ərazisi XX əsrin 60-cı illərindən başlayaraq ardıcıl qaydada inşa edilmişdir. Son illər boyu iqlimin təsiri nəticəsində yol örtüyü və pilləkən daşları fiziki və bioloji aşınmaya məruz qalmış, sakin və qonaqlar üçün pilləkənlərdən istifadə zamanı narahatlıq yaratmışdır.

2023-cü ilin birinci rübündə aparılmış təmir bərpa işləri zamanı öncədən qoyulmuş və bərpa oluna biləcək daşlar saxlanılaraq yenidən istifadə edilmiş, pilləkən hissəsi mövcud relyefə uyğun oxşar daş materialından istifadə edilərək örtülmüş, səkilər yenilənmiş, işıqlandırma təmin edilmiş və ərazi tam olaraq abadlaşdırılmışdır.

Məlumat üçün bildiririk ki, qeyd olunan pilləkən ərazisi Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil deyil".