"Banklar noyabr ayına əmanət portfellərində azalma ilə daxil olublar. Son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bir ayda bank əmanətlərində 141 milyon manat azalma qeydə alınıb:
"Əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərsə belə nəzərə alınmalıdır ki, bu ilin fervarlından etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməkdədir. Banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərdi. Doğrudur, xərcləmələr , eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımından da əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir.
Gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımından vacib idi. Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar".