Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.
XİN-dən "Unikal"a verilən xəbərə görə, Azərbaycan tərəfindən siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Əlcəzair tərəfindən isə xarici işlər və xaricdəki milli icma nazirliyinin baş katibi Lounes Magraman rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
İclas zamanı həmçinin təhsil, mədəniyyət, turizm, səhiyyə və bir sıra başqa sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə Birgə İqtisadi Komissiyanın təsis edilməsinin müvafiq istiqamətlərdə ikitərəfli əlaqələrinin inkişafına təkan verəcəyi vurğulanıb.
Çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunan tərəflər, BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud təmasların səviyyəsindən məmnunluq ifadə ediblər. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürülmüş təşəbbüslərin Hərəkatın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət etməsi təqdir olunub, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da ikitərəfli əməkdaşlığın müsbət dinamikasının qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb.
İclasda habelə regional və beynəlxalq siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.