Türkiyənin onu hədəf alan təhlükələri “kökündən yox etmək strategiyası” çərçivəsində Suriya və İraqdakı PKK/KCK-PYD/YPG qruplaşmalarına qarşı aparılan əməliyyatlar nəticəsində separatçı terror təşkilatlarının qüvvələri ciddi zərbə alıb.
"Unikal" xəbər verir ki, bu fikirlər Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyənin Milli Təhlükəsizlik Şurasının növbəti iclasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin bildirilib ki, terrorçuların müdafiəsi istiqamətində və müttəfiqlik hüququnu təməlindən sarsıdan addımlar diqqətlə izlənilir və heç bir səy Türkiyəni hədəf alan terror təşkilatlarının taleyini dəyişə bilməyəcək.
Sənəddə Rusiya ilə Ukrayna arasında davam edən gərginliyə də toxunulub. Qeyd olunub ki, bu münaqişə bölgəyə, eləcə də dünya siyasətinə təsirlərini və fəsadlarını artırdığı bir vaxtda sülhün bərqərar olması üçün təxirəsalınmaz addımların atılması vacibdir.
Bəyanatda İsrail-Fələstin münaqişəsinin dərhal dayandırılmasının beynəlxalq aləmin ümumi məsuliyyəti olduğu və Türkiyənin bununla bağlı hər cür təşəbbüsü davam etdirəcəyi vurğulanıb.