Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2024-cü il 1-3 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin vaxtı dəyişib.
Azərbaycan Cüdo Federasiyasından "Unikal"a verilən məlumata görə, “Dünya Cüdo Turu” seriyasına daxil olan turnir 16-18 fevralda gerçəkləşəcək.
Yarış Milli Gimnastika Arenasında baş tutacaq.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu vaxtın dəyişdirilməsinin səbəbini açıqlayıb: “Bu tarixlərdə daha öncə Təl-Əviv Böyük Dəbilqə turnirinin keçirilməsi planlaşdırılırdı. Məlum hadisələrə görə təhlükəsizlik baxımından IJF bu yarışı təxirə saldıqdan sonra biz gələn ilin noyabrında keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin 16-18 fevralda olmasını təklif etdik. Buna müsbət cavab verdikləri üçün IJF-yə təşəkkürümüzü bildiririk”
O, həmçinin vurğulayıb ki, yarışın fevral ayına keçirilməsi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xallarının toplanmasına imkan verəcək: “Böyük Dəbilqə noyabrda olsaydı, Yay Olimpiya Oyunlarından sonra baş tutacağına görə iştirakçı sayı əhəmiyyətli dərəcədə azalacaqdı. Həmçinin bu yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu da Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq”.