Hər zaman sosial təşəbbüslərlə gündəmə gələn, cəmiyyət üçün əhəmiyyətli layihələrin müəllifi, ölkənin bütün regionlarını əhatə edərək minlərlə insana maddi və mənəvi dəstək göstərən Qırmızı Ürəklər Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 3 ili tamam olub. Fond ötən gün bu münasibətlə dostlarını “Ürəksən” adlı tədbirdə qonaq edib.
"Unikal" xəbər verir ki, "Kapital Bank"ın nümayəndələri, donorlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi tədbiri çıxış sözü ilə Fondun prezidenti Sevda Haqverdiyeva açıb. O, iştirakçılara 2023-cü il ərzində Fondun fəaliyyət istiqamətləri üzrə görülən işlərin hesabatını təqdim edib. Daha sonra Fondun fəal üzvləri il ərzində layihələrdə göstərdikləri dəstəyə görə xüsusi təşəkkürnamələrlə təltif edilib. Eləcə də qurumun fəaliyyətinin genişləndirilmsi istiqamətində töhfəsini əsirgəməyən və ianələrlə daim dəstək göstərən donorlara plaketlər təqdim edilib.
Fəaliyyət göstərdiyi 3 il ərzində Fond cəmiyyət, ətraf mühit və heyvanlara dəstək olmaqla 3 əsas istiqamət üzrə müxtəlif sosial layihələr icra edib. Onların sırasında uşaq evləri və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihə var.
Qeyd edək ki, 2023-cü il ərzində Qırmızı Ürəklər Fonduna 31 430 ianəçi tərəfindən 14 893,53 min manat vəsait daxil olub. Toplanan vəsaitlər hesabına 242 könüllünün iştirakı ilə 4023 benefesiara ianələr şəklində dəstək göstərilib.
“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.