Azərbaycan və Türkiyənin iqtisadi sahədə olan əməkdaşlığı ikitərəfli münasibətlə məhdudlaşmır, regional inkişafa və təhlükəsizliyə töhfə verən meqa layihələri də həyata keçiririk.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, iki ölkə arasında olan münasibətlərin sıxlığı özünü rəqəmlərdə də əks etdirir.
“Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu ilin 11 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 7,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çoxdur. İxrac 52 faizdən çox artaraq 5,1 milyard dollar təşkil edib”, - deyə nazir əlavə edib.