"Avropa İttifaqı bütün imkanlarını səfərbər etməsə, Ukrayna münaqişəsində Rusiya üstün olacaq".

"Unikal" xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Cozep Borrell bu fikri Britaniyanın The Guardian qəzetinə müsahibəsində bildirib.

"Əgər biz kursu tez dəyişməsək, bütün imkanlarımızı səfərbər etməsək, bu, Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı müharibədə qalib gəlməyə imkan verəcək", - Borrell deyib. Eyni zamanda o, Rusiyanı Avropa demokratiyasını təhdid edən “böyük güc” adlandırıb.

"Əhəmiyyətli olan Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün nə edə biləcəyimizdir. Biz nə etməyə hazırıq? Biz həqiqətən də lazım olan hər şeyi etməyə hazırıqmı? Bu sualı özümüzə verməliyik", - Avropa diplomatiyasının rəhbəri bildirib.

O, Rusiyanın “məhdud ərazi qələbəsi” ilə kifayətlənməyəcəyi fikrini də ifadə edib. "Ona görə də biz uzun müddət yüksək intensivlikli münaqişəyə hazırlaşmalıyıq", - Borrell bildirib.

Aİ diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Aİ-nin Qəzza zolağında axan qanı dayandıra bilməməsi Aİ layihəsinə də ciddi ziyan vuracaq.