Azərbaycan Respublikası Qarabağ zəfərinin ardınca atdığı qətiyyətli addımlarla Qərb mətbuatının diqqətindədir.
Dövlətimizin prinsipial mövqeyi, təhlükəsizlik orqanlarının geniş üfuqdə apardığı iş və hücum diplomatiyası qarşısında iç üzü açılan uğursuz Makron hökumətinin düşdüyü çıxılmazlar və mövqe itkiləri, Yelisey sarayında yaşanan siyasi böhran Fransa mətbu səhifərinə sızır.
Məlum olduğu kimi, Azərbaycanın xüsusi xidmət orqanları detalları mətbuata qismən məlum olan nəticələr əldə edib, vaxtilə dünyadakı reytinqi ekranlarda reklam etdirilən Fransa kəşfiyyatının geniş agentur şəbəkəsini ifşa edib. Üstəlik Fransanın başqa dövlətlərin təmsil olunduğu nüfuzlu beynəlxalq təşkilatlara yerləşdirdiyi kəşfiyyatçılar açıqlanma riski və beynəlxalq qalmaqalla üz-üzə qalaraq çətin vəziyyətə düşüb.
Bakıda saxlanılan Fransa casusu Martin Rayan
Fransanın dövlət orqanlarına yaxın, dövlətin qapalı qapılar arxasında olan məlumatlarının yayımlanması ilə məşhur olan, məqalələri abunə və ödənişli əsaslarla təqdim edilən "Intelligence Online" mətbu orqanı dünyada əsas müzakirə mövzularından birinə çevrilən Azərbaycan-Fransa arasında yaşanan son olaylara həsr olunmuş məqalə dərc edib (https://www.intelligenceonline.com/government-intelligence/2024/01/11/dgse-baku-post-taken-down-by-state-security-service,110136826-eve)
"Unikal" trend-ə istinadən Fransanın “Intelligence Online” nəşriyyatının həmin məqaləsinin məzmununu olduğu kimi təqdim edir:
"Bakıda DGSE mövqeyi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ləğv edilib
Azərbaycan və Fransa arasında diplomatik gərginlik intensivləşir. Xüsusi xidmət orqanlarının vurduğu zərbələrdən ilk zərbəni Milad bayramı ilə Yeni il arasında iki fransız diplomatını ölkədən çıxarmaqla Bakı vurdu. Reallıqda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti DGSE postunu faktiki olaraq likvidasiya etdi.
“– Katiblə danışmaq olarmı?” Fransanın Azərbaycanın paytaxtı Bakıdakı Səfirliyinin kommutatorunda kişi səsi tərəddüd etdi, həmkarı ilə məsləhətləşdi və cavab verdi: “O, artıq burada işləmir”. İyerarxiyada iki pillə aşağı olan başqa bir katiblə bağlı eyni sual da oxşar cavabla nəticələndi.
Diplomatik dəftərxana dekabrın 26-da qəfildən sıralarının azaldığını gördü. Həmin gün Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) iclası çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvada olarkən Fransanın Bakıdakı səfiri Ann Boillon Xarici İşlər Nazirliyinə çağrıldı. Ona məlumat verildi ki, iki diplomat Azərbaycanda “persona non qrata” elan edilib və onlara çantalarını yığmaq üçün qırx səkkiz saat vaxt verilib.
“Intelligence Online”-ın məlumatına görə, Fransa səfirliyinin iki “katibi” diplomatik pərdə altında olan DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları olub. Kəşfiyyat xidmətinin rəhbəri rusdilli rabitəçi idi.
DGSE-nin Azərbaycandakı postunun ləğv edilməsi, buna Fransanın tez cavab verməsi və öz növbəsində Azərbaycanın Parisdəki səfirliyindən iki “diplomat” xaric etməsi - xidmət üçün yeni uğursuzluq idi.
Bu, dekabrın əvvəlində Burkina Fasoda onun Texniki və İnnovasiya Direktorluğunun (DTI, keçmiş DT) dörd üzvünün həbsindən sonra baş verdi, Jeune Afrique (mətbuat qurumu) tərəfindən verilən məlumata əsasən bu, ölkə xaricində kəşfiyyat sisteminin “dağıdılmasına” səbəb oldu.
Geriyə dönüş
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hakimiyyətə yaxın mediada bu iki şəxsin Azərbaycanda sabitliyi pozmağa yönəlmiş regional casus şəbəkəsinə aid olduğunu iddia edib. Bununla yanaşı, Bakı Fransanı 2020-ci ildə Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibədə İrəvana verdiyi dəstəyə görə tənqid edir (18.09.23).
DGSE-nin bu məğlubiyyətləri Yelisey sarayını dərindən qəzəbləndirdi. Sahel ölkələrində Fransanın mövqelərinə xələl gətirən silsilə dövlət çevrilişlərindən sonra bu baş verənləri, Emmanuel Makronun diplomat Bernard Emieni Kəşfiyyat Xidmətinin rəhbəri postundan azad etməsi qərarını sürətləndirən amil kimi izah edirlər. O vaxta qədər DGSI-nin (Daxili Təhlükəsizlik Baş Müdirliyi) direktoru olan prefekt Nikolas Lerner, açıqladığımız kimi, dekabrın 20-də Nazirlər Şurasında onun yerinə təyin edildi (19/12/23) . O, yanvarın 9-da vəzifəsinin icrasına başlayıb".