"Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti islamafobiyaya, türkfobiyaya qarşı addım atdı və düzgün etdi".
Bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, heç bir əsası olmadan, məsələləri araşdırmadan və mahiyyətinə varmadan Azərbaycana qarşı qərəzli qərar qəbul olunur:
"Azərbaycanın ərazilərini 30 il işğalda saxlayan Ermənistana qarşı bir dəfə qərar qəbul olunmayıb. Ermənistanda, o cümlədən Avropa dövlətlərində insan hüquqları gecə-gündüz pozulur, amma heç vaxt onların adı çəkilmir. Azərbaycanda partiyasından asılı olmayarq cinayət törətmiş şəxslər məsuliyyətə cəlb olunur. Bunu Yeni Azərbaycan Partiyasının və ya başqa bir partiyanın üzvü də törətsə, həbs olunmalıdır. Yəni, kiminsə peşəsi və ya partiya üzvlüyü onun törətdiyi ictimai təhlükəli əməli sığortalamır. Bu cür yanaşma tərzi qərəzlidir və Azərbaycan nümayəndə heyəti düzgün olaraq öz bəyanatını verdi. Dünya birqütblü deyil, başqa təşkilatlar da var. Biz başqa təşkilatlarla iqtisadi, siyasi, elmi, mədəni fəaliyyətimizi davam etdirə bilərik".
Qeyd edək ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib və AŞPA ilə əməkdaşlığı, təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Anar Kəlbiyev