Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altuna AŞPA-da ölkəmizə qarşı haqsızlığa qəti və birmənalı mövqe göstərdiklərinə görə təşəkkür edib.
"Unikal" Hikmət Hacıyevin bununla bağlı X sosial şəbəkə hesabındakı hər iki paylaşımını təqdim edir:
“Dəyərli Mövlud bəy, PACE-də (AŞPA – red.) Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.
Digər paylaşımda isə Fəxrəddin Altuna müraciətlə deyilir: “Dəyərli və əziz qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və İletişim Başkanlığı olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”.
Qeyd edək ki, Mövlud Çavuşoğlu və Fəxrəddin Altun AŞPA-da ölkəmizə qarşı haqsızlığa qəti və birmənalı mövqe göstəriblər. AŞPA-nın Azərbaycana qarşı qərarının qeyri-obyektiv və qeyri-konstruktiv olduğunu bildirən Mövlud Çavuşoğlu yazıb: “Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir.
Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”.
Fəxrəddin Altun isə sosial şəbəkə hesabında bildirib ki, Türkiyə dezinformasiya ilə mübarizə sahəsində Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edəcək. O qeyd edib ki, bu məsələdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə koordinasiyalı şəkildə çalışır: “Bizim üçün dost və qardaş ölkə Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq və paylaşılan yalan xəbərləri ifşa etmək çox vacib, təməl məsələdir. Bu, həm qardaşlığımızın göstəricisi, həm də həqiqətin təzahürüdür”.
O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin məruz qaldığı ittihamları şərh edərək vurğulayıb ki, həm Azərbaycan, həm də Türkiyə bu gün müxtəlif platformalarda dezinformasiya və qaralama kampaniyasına məruz qalır.
“Biz bu dezinformasiyaya qarşı və həqiqət uğrunda mübarizə aparmağa birlikdə davam edəcəyik”, - Fəxrəddin Altun əlavə edib.