"Bir il bundan öncə baş verən terror bütün xalqımız, Azərbaycan üçün böyük zərbə idi".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ötən il Azərbaycanın İrandakı səfirliyinə edilən hücum zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Bu gün şəhidimiz Orxan Əsgərov yad edilib: "Burada Orxanla həmin terror zamanı birlikdə olan səfirlik əməkdaşları da iştirak etdi. Ən kəskin şəkildə bu akt pislənmişdi, beynəlxalq təşkilatlar da mövqeyini ifadə etmişdi".
XİN rəhbərinin sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət yetiriləcək. Əsas məsələ baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsidir. İkinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir: "Çünki insanlarımızın həyatını riskə ata bilmərik. Mürəkkəb məqamlar varsa, İran tərəfi ilə bunu danışmalıyıq və danışırıq. İran bizim qonşumuzdur, ancaq neqativ məsələlərə köklənməməliyik".
Ceyhun Bayramov həmçinin bildirib ki, İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfərli məsələsi ilə bağlı bütün addımlar atılır: "Burada ilkin ittiham cinayət məcəlləsinin bir maddəsi üzrə idisə, işin gedişində daha yumşaq qərar qəbul edildi. Fərid Səfərliyə 2 il 6 ay iş kəsildi".