Bu gün Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə Ermənistanla və Avropa Şurası ilə münasibətlərdən danışıb.
Dövlət başçısı bildirib ki, Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Həmçinin, Prezident Avropa Şurasına xəbərdarlıq edib. İlham Əliyevin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Mövzu ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynli söyləyib ki, Azərbaycan dəfələrlə sülh tərəfdarı olduğunu bəyan edib:
“Azərbaycan həmişə sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarı olub. İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan daim sülhün əldə olunmasından danışıb. Son zamanlar sülh prosesi xeyli intensivləşib.
Prosesə Qərb dünyasının və Rusiyanın qoşulması bu işi biraz da cazibədar edib. Təəssüflər olsun ki, vasitəçi kimi prosesə müdaxilə edən güc mərkəzləri öz strateji maraqlarını güdəndə sülhün əldə olunması ləngiyir.
Vasitəçi tərəflərdən biri olan Rusiya isə Ermənistana silah göndərməyə başlayıb. Yaxın günlərdə təxminən 400 milyon dollarlıq müasir silahları Ermənistana göndərib. Üstəlik də, Rusiya sülh müqaviləsinin Moskva şəhərində imzalanmasını istəyir.
Qərb dövlətləri, Avropa Şurası və ABŞ da Azərbaycan üçün əlverişli olmayan şərtlərdən danışırlar. “Azərbaycandan çıxmış ermənilər geri qayıtsın, onlara beynəlxalq status verilsin” və s. kimi əsassız təkliflər irəli sürürlər.
Bütün bunlar ortaya çıxanda sülh müqaviləsi ilə bağlı fikirlər tamamilə dağılır. İndi isə Azərbaycan tərəfi növbəti dəfə bəyan edir ki, sülh müqaviləsinin imzalanmasını istəyir. Baxaq, görək, Ermənistan tərəfindən hansı cavab gələcək”, - deyə o qeyd edib.
Qabil Hüseynli Prezident İlham Əliyevin Avropa Şurası ilə bağlı səsləndirdiyi fikirləri də şərh edib:
“Azərbaycanla Avropa Şurası arasında mürəkkəb münasibətlər yaranıb. Belə görünür ki, Avropa Şurası Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsindən sonra başını itirib və dövlətimizə qarşı nifrət bəsləməyə başlayıb.
Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra Avropa Şurasının dövlətimizə qarşı kini bir qədər də artdı. Onlar Azərbaycana qarşı müxtəlif sanksiyalar tətbiq etməyə başladılar.
Həmin sanksiyalardan biri də Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası tərəfindən qəbul edilməməsidir. Beləcə, məsələ mürəkkəbləşdi.
Azərbaycan isə Avropa Şurasındakı fəaliyyətini 1 illik dayandırdı. Gələcəkdə nə olacağını demək çətindir. Hazırda isə vəziyyət xoşagələn deyil”, - deyə politoloq qeyd edib.
Murad İbrahimli