Prezident İlham Əliyev “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
"Unikal" xəbər verir ki, Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi Fərmandan irəli gələn məsələləri həll etməlidir.
İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır:
1. Yerli xammal bazasına (metal filiz, neft, qaz, kimya, tikinti materialları və pambıq sahələri) əsaslanan istehsal layihələri;
2. Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;
3. Tullantıların idarə olunması və təkrar emalı layihələri;
4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri;
5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri;
6. 2023-cü il yanvarın 1-dən sonra investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft sənayesi müəssisələrinin istehsal layihələri;
7. Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”) layihələri;
8. Hava gəmilərinin istismarı və onlara texniki xidmət göstərilməsi layihələri;
9. Dəmir yolunun hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;
10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri;
11. Alüminium məhsullarının istehsalı layihələri;
12. Dövlət−özəl tərəfdaşlığı (dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələri daxil olmaqla) layihələri;
13. COP29 beynəlxalq tədbiri çərçivəsində qonaqlama layihəsi.