Fevralın 1-də Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun gənclərlə görüşü təşkil olunub. YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, gənclərimizin gələcəyimiz kimi dəyərləndirilməsi onlara böyük etimadın, inamın göstəricisidir. Gənclərimiz bu diqqət və qayğını üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirməklə dəyərləndirirlər. Bu gün müasir müstəqil, qalib Azərbaycana hansı sahədən baxsaq gənclərimizin töhfələrini görür və bundan böyük qürur hissi keçiririk. Artıq 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tariximizin Zəfər səhifəsini yazmasından sonra hər bir bayramı, əlamətdar günü fərqli bir ovqatda, böyük qürur və sevinc hissi ilə qeyd edirik. 30 illik işğala son qoyulması, tarixi Zəfərimizdən üç il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması qürurvericidir. Azərbaycan bu zəfərləri ilə hansı imkanlara malik olduğunu, xalqımızın yenilməzliyini, məğrurluğunu, Azərbaycan gəncinin torpaq, Vətən sevgisinin böyüklüyünü nümayiş etdirdi. Azərbaycan əsgəri bir daha təsdiqlədi ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Bu qəhrəmanların hər biri ayrı-ayrılıqda bir dastan yazdılar. Onların vətənpərvərlik yolu hər bir Azərbaycan gənci üçün örnəkdir.
Vüqar Rəhimzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın gələcəyinə xidmət edən düşünülmüş siyasətinin əsas tərkib hissəsi olan gənclərə diqqət və qayğısının son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi onların hərtərəfli inkişafında stimulverici amil oldu. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ümummilli Lider bildirmişdir ki, hər bir xalqın, millətin, ölkənin gəncləri onun bu günüdür, sabahıdır, ümididir.
YAP Xətai rayon təşkilatının sədri gəncləri bayram münasibətilə təbrik edib, onları suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın daha böyük hədəflərə doğru inamla irəliləməsinə öz töhfələrini verməyə çağırıb.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov böyük qürur hissi ilə qeyd edib ki, Azərbaycan gəncliyi illərdir dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini gözləyirdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 44 gündə Qələbə ilə başa çatması dövlətimizin gücünün, qüdrətinin, Prezident İlham Əliyevin qətiyyətinin, xalqımızın dəmir yumruq kimi birliyinin, gənclərimizin torpaq, Vətən sevgisinin təqdimatı oldu. “Torpaqdan pay olmaz” prinsipinə söykənən gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək 30 ilin torpaq həsrətinə 44 gündə son qoydular, tarix yazdılar. Vətən müharibəsində yazılan qəhrəmanlıq tarixi neçə-neçə nəsillər tərəfindən öyrəniləcək, onlar da gənclərimizin vətənpərvərliyindən qürur hissi keçirəcəklər. Tarixi Zəfərimizdən üç il sonra Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi və bir sutkadan da az davam antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması növbəti Zəfərimiz oldu. Bu gün qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır. Cari ildə soydaşlarımızın qayıdacaqları şəhərlər arasında Qarabağın tacı Şuşanın, Xankəndinin və Xocalının adı xüsusi qeyd olunur. Tarixi Zəfərimiz qürurumuz, milli kimliyimizdir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının başı uca, üzü ağ, alnı açıqdır.
Diskussiya şəklində davam etdirilən tədbirdə Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov gəncləri maraqlandıran sualları cavablandırıb.
Sonda Xətai rayonunun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup gəncə YAP Xətai rayon təşkilatının Fəxri fərmanı təqdim olunub.