Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qayıtmasının önəmini bir daha vurğulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.