Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, Kuba Prezidenti X sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona yeni mandatında uğurlar və xalqına firavanlıq arzulayıram. Hər iki ölkə arasında dostluğu və əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə hazır olduğumuzu bir daha bildirirəm”.
*** 21:00
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram.
Azərbaycan xalqı Zati-alinizin müdrik liderliyinə olan etimadı ilə parlaq və inkişaf etmiş gələcəyə doğru daha sürətlə irəliləyəcəkdir.
Bu fürsətdən istifadə edərək İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi əhəmiyyəti bir daha qeyd edir, təşkilatın birgə işlənib hazırlanmış iqtisadi gündəliyinin irəliyə aparılmasında ölkənizin daim artan rolunu və töhfəsini xüsusi vurğulayıram.
İqtisadi Əməkdaşlıq Təşkilatının daha fəal olmasını və inteqrasiyasını təşviq etmək üçün məqsədlərimizin həyata keçirilməsində Zati-alinizin davamlı dəstəyini və himayəsini səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*** 20:32
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu məsul vəzifənin həyata keçirilməsində Sizə uğurlar arzulayıram. İnanıram ki, Siz dövlətinizin ümumi inkişafı və vətəndaşlarınızın firavanlığı naminə fədakarlıqla işləməyə davam edəcəksiniz.
Son 30 il ərzində Xorvatiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf etməkdədir. Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə biz ümumi münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bizim iqtisadi əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır və bunun daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, Azərbaycan və Xorvatiya şirkətləri arasında sıx əməkdaşlığı daha da təşviq etmək, eləcə də qarşılıqlı sərmayələrə marağı artırmaq üçün səylərimizi əsirgəməyəcəyik.
Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*** 18:33
Fevralın 8-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Unikal" xəbər verir ki, Neçirvan Bərzani prezident seçkilərində qələbə qazanması münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Neçirvan Bərzani keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq, bunun əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini vurğulayıblar.
*** 18:22
Fevralın 8-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Unikal" xəbər verir ki, Bayram Beqay dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Albaniya ikitərəfli münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.
*** 18:09
Fevralın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Unikal" xəbər verir ki, Ersin Tatar prezident seçkilərində inamlı qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəminə toxunularaq bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminlik bildirilib.
*** 17:56
Fevralın 8-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət Bağçalı İlham Əliyevə prezident seçkilərində qazandığı qələbə münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbənin və suverenliyimizin tam təmin bərpa olunmasının önəmini bir daha vurğulayıb.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf edəcəyi vurğulanıb.
***
12:22
Azərbaycan Prezidenti İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edir, Azərbaycan xalqının rifahı naminə davamlı uğurlar və məhsuldar fəaliyyət arzulayıram.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” platformasındakı səhifəsində bildirib.
“Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm.
Bu tarixi dövrdə ölkəmizin azadlıq mübarizəsində Azərbaycanın göstərdiyi humanitar və digər yardımları yüksək qiymətləndiririk. Prezident Əliyevlə konstruktiv və etibarlı münasibətlərimizi, eləcə də komandalarımız arasında praktik əməkdaşlığı yüksək qiymətləndirirəm.
Əminəm ki, Ukrayna ilə Azərbaycanın strateji əlaqələri bundan sonra da möhkəmlənəcək” - Zelenski qeyd edib.
***
10:12
Fevralın 8-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb. Kasım-Jomart Tokayev dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinin önəmini qeyd edib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
***09:00
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
"Unikal"xəbər verir ki, N.Maduro bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezident İlham Əliyevi təbrik edirəm. Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqınızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”.
***
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım.
Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi - əziz Qardaşımı səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən sonsuz məmnunluq duyuram.
Bu seçkilərdə Sizin namizədliyinizin əhali tərəfindən hərtərəfli dəstəklənməsi xalqınızın irəli sürdüyünüz strateji proqram və planlara sonsuz inamının əyani təzahürüdür. Bu, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olması, ölkənizdə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar və böyük quruculuq işləri ilə bilavasitə bağlıdır desəm, əsl həqiqəti ifadə etmiş olaram.
Bu gün Sizin - öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır. Heç şübhəsiz, Sizin bu yüksək vəzifədə fəaliyyətiniz dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmlənməsinə və cəmiyyətin müasirləşməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəkdir.
Əziz qardaşım, bu məqamda xüsusi qeyd etmək istərdim ki, son illərdə bizim ali səviyyədə fəal təmaslarımız və aramızda olan sıx qardaşlıq münasibətlərimiz, həyata keçirilən konkret layihələr və “yol xəritələri” qarşılıqlı faydalı əlaqələrimizə güclü təkan verir.
Sizinlə razılaşdığımız kimi, Özbəkistan və Azərbaycan arasında çoxtərəfli əlaqələrin sürətli inkişafı ili elan edilən cari il ərzində daha on yeni sahə üzrə, o cümlədən kimya, neft-qaz, mədənçıxarma, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş böyük planlarımızın tam şəkildə həyata keçiriləcəyinə inanıram.
Əminəm ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da səmərəli şəkildə inkişaf edəcəkdir.
Heç şübhəsiz ki, Zati-alinizin gələcəkdə ölkəmizə həyata keçiriləcək səfəri mövcud potensialımıza və imkanlarımıza uyğun olaraq çoxşaxəli və dostluq əlaqələrimizi tamamilə yeni səviyyəyə ucaldacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu mühüm qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.
***
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli İlham Heydər oğlu.
Müstəqillik dövründə ilk dəfə ölkənizin bütün ərazisində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Səsvermə zamanı seçicilərin nümayiş etdirdikləri güclü dəstək cəmiyyətin birliyini və Sizin Azərbaycan xalqı arasında yüksək nüfuzunuzu bir daha çox aydın şəkildə təsdiq etdi.
İyirmi il ərzində Sizin qətiyyətiniz, yüksək siyasi mədəniyyətiniz, xalqınızın səsini eşitmək bacarığınız sayəsində dünyada rəyi ilə hesablaşılan güclü, müstəqil dövlət qurulmuşdur. İqtisadi tərəqqi və vətəndaşların rifahının yüksəlməsi, ölkənin suverenliyinin möhkəmlənməsi və beynəlxalq aləmdə rolunun artması haqlı olaraq Sizin adınızla bağlıdır. Belarusun timsalında Sizin ədalətli və bərabərhüquqlu dövlətlərarası münasibətlərin qurulmasına, təhlükəsizliyin, dialoqun və etimadın möhkəmləndirilməsinə yanaşmaları bölüşən etibarlı dostunuz vardır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə bütün planlarınızı həyata keçirmək üçün tükənməz enerji arzulayıram.
Sizi qonaqpərvər Belarus torpağında salamlamaqdan həmişə məmnunam.
***
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu münasibətlə ən xoş arzularımı qəbul edin.
Qardaş Azərbaycanın ali dövlət vəzifəsinə yenidən seçilməyiniz Azərbaycan cəmiyyətinin Sizə olan yüksək etimadının daha bir inamlı təsdiqidir və ölkənin ardıcıl sosial-iqtisadi inkişafına, həmçinin dövlətinizin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji kursunuzun xalqınız tərəfindən geniş şəkildə dəstəklənməsinin göstəricisidir.
Sizin Tacikistan-Azərbaycan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və dərinləşməsinə sanballı şəxsi töhfənizi vurğulayaraq bu əlaqələrin gələcəkdə də hərtərəfli inkişafına marağımızı ifadə edirəm.
Əminəm ki, biz gələcəkdə də birgə səylərlə iki ölkənin çoxplanlı qarşılıqlı münasibətlərini inkişaf etdirəcəyik, xalqlarımızın rifahı naminə bu əməkdaşlığı yeni praktiki məzmunla zənginləşdirəcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və təşəbbüslərinizin reallaşdırılmasında yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.