Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev seçkiləri müşahidə etdiklərinə görə nümayəndə heyətinə minnətdarlığını bildirib.

Şamil Ayrım nümayəndə heyəti adından çıxış edərək dövlət başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi.

Qonaq Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun və qardaşlığının ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğuladı.

Dövlət başçısı seçkilərdə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla danışdıqlarını məmnunluqla qeyd etdi.

Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrinin böyük əhəmiyyət daşıdığını bildirdi.

Dövlət başçısı da Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu vurğuladı.

Şamil Ayrım 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında Prezident İlham Əliyevin və Azərbaycanın dünyaya bir nümunə göstərdiyini qeyd etdi. Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin dövlətimizin başçısı tərəfindən yerinə yetirildiyini deyən qonaq vurğuladı ki, Azərbaycan xalqı ilk dəfə olaraq bu seçkilərdə ərazi bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qürurla iştirak edib.

Azərbaycan Prezidenti Vətən müharibəsində Qələbədə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini bir daha qeyd etdi.

Görüşdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsizlik vurğulandı, Türkiyə Böyük Millət Məclisinin bunun əleyhinə olduğu və Türkiyə parlamentində də bununla əlaqədar müvafiq bəyanatların və müraciətlərin qəbul olunacağı qeyd edildi, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməsinin vacibliyini bildirildi.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı və Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu, Türk Dövlətləri Təşkilatında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşdirilməsinin önəmi qeyd olundu.

Nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının daha da inkişafı üçün fəaliyyətini yüksək qiymətləndirdiklərini dedilər.

 

***14:37

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev seçkilərdə müşahidəçi qismində iştirakına görə TÜRKPA nümayəndə heyətinə və müşahidə missiyasının bütün üzvlərinə təşəkkürünü bildirib.

Müşahidə missiyasının üzvləri prezident seçkilərində inamlı qələbə münasibətilə dövlət başçısını təbrik ediblər. Onlar həm Şuşada, həm də Xankəndidə səsvermə prosesini müşahidə etdiklərini məmnunluqla bildirdilər və bunu tarixi məqam kimi qiymətləndiriblər.

Prezident İlham Əliyev bu seçkilərin tarixi hadisə olduğunu deyərək ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində təşkil olunmuş səsvermə prosesində iştirak etdiyini xüsusi vurğulayıb.

Qonaqlar bildiriblər ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan xalqının Qarabağ Zəfəri bütün Türk dünyasının zəfəridir və bu, Türk dünyasının özünəinamını daha da gücləndirib.

Söhbət zamanı Türk dünyasının bir ailə olduğu və bu çərçivədə əməkdaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsinin və genişləndirilməsinin vacibliyi qeyd edilib.

***14:25

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev müşahidə missiyasında iştirakına görə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinə, müşahidə qrupunun üzvlərinə və üzv dövlətlərə minnətdarlığını bildirdi.

Can Min Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirdi. Ölkəmizlə müxtəlif sahələrdə yaxın tərəfdaşlıq əlaqələrinin olduğunu deyən Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Heydər Əliyev Fondunun xətti ilə qurulan mədəni-humanitar əməkdaşlığı xüsusilə qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanların olduğunu bildirdi, ölkəmizin, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə də ikitərəfli qaydada çox sıx əlaqələrini vurğuladı. Bu xüsusda dövlətimizin başçısı prezident seçkilərində qələbə münasibətilə ilk təbrikləri Təşkilata üzv ölkələrdən aldığını qeyd etdi. Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirakını məmnunluqla xatırladı.

Qonaq Azərbaycanın COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırdı, bunun Azərbaycanın insaniyyətə və bəşəri inkişafa verdiyi töhfənin bariz nümunəsi olduğunu bildirdi. Can Min COP29 çərçivəsində də Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq məsələlərini qeyd etdi.

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***13:20

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

"Unikal" xəbər verir ki, seçkilərdə inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatı adından təbriklərini çatdıran Kubanıçbek Ömüralıyev təşkilatın geniş müşahidə missiyası ilə bu seçkiləri müşahidə etdiklərini, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şuşada, Xankəndidə və azad edilmiş digər ərazilərdə olduqlarını, TDT ailəsinə daxil olan başqa təsisatlarla əlaqələndirilmiş şəkildə bu seçki prosesini müşahidə etdiklərini vurğuladı. Qonaq seçkilərin çox mükəmməl və peşəkarlıqla təşkil olunduğunu qeyd etdi.

TDT-nin Baş katibi şanlı Qarabağ Zəfəri və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə əlaqədar Azərbaycan xalqının bu seçkilərdə xüsusi əhvali-ruhiyyə ilə seçki hüquqlarından istifadə etdiklərini dedi.

Kubanıçbek Ömüralıyev qeyd etdi ki, bu gün TDT-nin müşahidə missiyasının mətbuat konfransı olacaq və missiya seçkilərlə bağlı müşahidələrinin nəticələrini bəyan edəcək.

Prezident İlham Əliyev TDT-nin müşahidə missiyasının bütün üzvlərinə seçkiləri müşahidə etdiklərinə görə minnətdarlığını bildirdi.

Kubanıçbek Ömüralıyev qeyd etdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinə və tərəfdaşlığın daha da yüksəlməsinə daim öz töhfələrini verir.

Görüşdə bu il Azərbaycanda TDT-nin qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyi məmnuniyyətlə qeyd edildi. Təşkilatın bundan sonra da inkişafının, əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək yeni layihələrlə çıxış etməsinin vacibliyi diqqətə çatdırıldı.

***11:00

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib.

"Unikal" xəbər verir ki, Sergey Lebedev Prezident İlham Əliyevə seçkilərdə inamlı qələbə münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Sergey Lebedevə və MDB müşahidə missiyasının bütün üzvlərinə bu seçkiləri müşahidə etdiklərinə görə təşəkkürünü bildirdi, MDB müşahidə missiyasının Azərbaycanda bu və daha əvvəlki seçkilərdə də müşahidələrdə fəal şəkildə iştirak etdiyini vurğuladı.

Sergey Lebedev qeyd etdi ki, Azərbaycanda seçki prosesini müşahidə etmək onlar üçün böyük şərəf və eyni zamanda məsuliyyətdir. Vurğuladı ki, bu, Azərbaycan xalqı üçün tarixi bir gün və tarixi seçkilər idi. Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, regionda uzunmüddətli və davamlı sülh üçün yaxşı imkanların yarandığını deyən qonaq bu seçki prosesində sadə insanlarla, seçicilərlə, müşahidəçilərlə geniş söhbətlərinin olduğunu, Azərbaycan xalqının bu seçkilərdə xüsusi rəğbət hissi ilə öz seçki hüququndan istifadə etdiklərini bildirdi.

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Azərbaycan xalqının ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunandan sonra ilk dəfə seçkilərin keçirilməsi prosesində iştirak etdiyini dedi, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasını və həmin ərazilərdə seçki hüquqlarından istifadə etdiklərini vurğuladı.

Sergey Lebedev MDB müşahidə missiyasının 170-ə yaxın müşahidəçi ilə seçki prosesində təmsil olunduğunu dedi. Qonaq hər bir seçkinin ölkələrin qanunvericiliyinə uyğun və Seçki Məcəlləsi əsasında keçirilməli olduğunu qeyd etdi və bu seçkilərin də Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun qaydada açıq, demokratik şəkildə təşkil olunduğunu bildirdi.

Baş katib bu gün mətbuat konfransı keçirəcəklərini və seçki müşahidə missiyasının fəaliyyəti haqqında hesabatlarını geniş ictimaiyyətə təqdim edəcəklərini dedi.

Dövlətimizin başçısı seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər rayonlarda keçirildiyini qeyd edərək bunun Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıdığını vurğuladı.

Keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qaytarıldığını və bunun üçün Böyük Qayıdış Proqramı əsasında məcburi köçkünlərin geri qayıdışına dair layihələrin icra edildiyini deyən Prezident İlham Əliyev birinci mərhələnin 2026-cı ildə başa çatdırılacağını, bundan sonrakı mərhələlərdə də məcburi köçkünlərin geri qayıtmalarının təmin olunacağını diqqətə çatdırdı.

Söhbət zamanı MDB-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunuldu, Azərbaycanın MDB çərçivəsində əlaqələrə və müzakirələrə töhfə verdiyi, MDB ölkələri arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparıldı.