Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Baş nazir,
Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi
səmimi-qəlbdən təbrik edirəm.
Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.
Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.