Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı bəzi detallar bilinib.
"Unikal" oxu.az-a istinadən xəbər verir ki, Əhməd 15 yaşı olanda da bir nəfəri bıçaqlayıbmış.
Əhməd illər əvvəl Masallıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. Daha sonra Əhməd dərmanlar qəbul edib. Qohumlar ailəyə məsləhət görüblər ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla razılaşmayıb. Əhmədə həkimlər tərəfindən müalicələr yazılıb və o, mütəmadi olaraq dərman atırmış. Bir neçə gün əvvəl atası Əhmədin dərmanlarını vaxtında qəbul etməməsindən narahat olub və ona Mərdəkanda yerləşən özəl reabilitasiya mərkəzində müalicə almağı təklif edib.
Əhməd atasının təklifinə əsəbiləşib və “mən getmirəm, istəyirsən, özün get” cavabını verib.
Eyni zamanda, ailədə bir müddət imiş ki, mülk üstündə söz-söhbət yaranıbmış. Belə ki, bacısı Elmira Əhmədova həyat yoldaşı ilə Rusiyada yaşayırmış. Bu yaxınlarda
E.Əhmədova Bakıya gəlib və ailəsi ona Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. Əhməd qohumlarına bildirirmiş ki, ailəmin məqsədi evləri, mülkləri Elmira və Məhəmmədə verməkdir. Bundan sonra evdə söz-söhbət başlayıb. Ailəsi Əhmədə də əvvəldən ev alsalar da, bu vəziyyət onu qane etməyibmiş. Atasını öldürən zaman qonşu səs eşidib və Daxili İşlər Nazirliyinə xəbər verib. O, bacısını və onun qızını boyun, bel nahiyəsindən kəsici alətlə vurmaqla qətlə yetirib. Daha sonra evə gəlib və anası Bikə Əhmədovanı çağırıb.
O da Məhəmmədi məktəbdən götürərək, evə gəlib. Elə bu zaman qapının girişində qadını və oğlunu balta ilə öldürüb. Eyni zamanda, binanın komendantı hadisədən xəbər tutub və yuxarı qalxmaq istəyib. Bu zaman Əhməd əlində balta ilə pilləkənlərdən düşərək, qaçıb. Yaxınlarının iddialarına görə, B.Əhmədova dəfələrlə qızı Elmiraya qardaşı Əhməd evinə gəlsə də, qapını açmamağı tapşırıb.
*** 23:32
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib.
"Unikal" “qafqazinfo”ya istinadən xəbər verir ki, dəhşətli hadisənin bəzi təfərrüatları bəlli olub.
Məlumata görə, Əhməd vaxtilə idmanla məşğul olub. Sonradan idmanda aldığı zədə onun sağlamlığına ciddi təsir edib. Bu səbəbdən 25 yaşlı gəncin mütəmadi olaraq Psixiatriya Xəstəxanasında yatdığı bildirilir.
Ailəni tanıyanların sözlərinə görə, Əhməd onlarla birgə yaşamayıb, onun üçün hətta avtomobil alınıb, başqa evdə yaşamasına da şərait yaradılıb.
Hadisə baş verən gün səhər tezdən Əhməd marketdən bıçaq istəyib. Lakin ilk girdiyi marketdən bıçaq ala bilmədiyi üçün başqasına yollanıb.
O, axşamtərəfi əvvəlcə atasını öldürüb. Daha sonra əli qanlı marketin qarşısına düşüb, anasını gözləyib. Anası direktor olduğui məktəbdən gələndən sonra isə marketin arxa hissəsindən baltanı götürərək mənzilə tərəf qalxıb. Bu zaman market işçiləri polisə məlumat verib.
Buna qədər isə Əhməd anası ilə qardaşını öldürüb.
Qeyd edək ki, Əhməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
*** 19:02
Xəbər verdiyimiz kimi, bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu qətlə yetiriliblər.
"Unikal"ın məlumatına görə, qətli törədən ailənin böyük oğlu Əhməd Əhmədov olub.
Yaxınlarının sözlərinə görə, onun psixoloji problemləri olub və davamlı olaraq dərmanlar qəbul edib.
Əhməd Əhmədov güləş idman növü ilə məşğul olub. O, valideynlərindən ayrı yaşayıb. Psixi problemləri olan Əhmədin xəstəxanaya yerləşdirilməsinə atası Mehman Əhmədov razı olmayıb.