Ötən gün 25 yaşlı Əhməd Əhmədovun əvvəlcə bacısı və onun körpə qızını, daha sonra ata-anası və 9 yaşlı qardaşını amansızlıqla öldürməsi əsas müzakirə mövzusudur. Qohumları hadisə yerində jurnalistlərə bildiriblər ki, Ə.Əhmədovun psixoloji problemləri olub və buna görə dərman qəbul edirmiş.

Deputat Fazil Mustafa bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, bu kimi hallar potensial durumu göstərir. Onun sözlərinə görə, xəstə olan şəxs müalicə olunmalıdır:

"Gizlədə-gizlədə gedirlər. Hər kəs nəyisə gizlədib gedəndə, nəticə belə olur. Bu böyük problemdir və cəmiyyət bunu aşmalıdır. Çox üzücü hadisə oldu. Vaxtında faciənin qarşısını almaq olar, amma heç kim bunu nəzərdə tutmur və nəticə belə olur. Ailə quranlar müəyyən dərəcədə yoxlanışdan keçirlər. Buna necə əməl olunur? Narkomaniya testi nə dərəcədə həyata keçirilir? Bir çox hallarda ailə qurandan sonra məlum olur ki, adam narkoman imiş. Bu, böyük faciədir. Bunu gizlətmək olmaz.  Öncədən hər kəs olan vəziyyəti bir-birinə çatdırmalıdır".

Anar Kəlbiyev